Bir Olan Allaha iman edənlər bir-birləri ilə deyil, dinsizliyə qarşı mübarizə aparmalıdırlar.

Bu gün dünyada böyük bir fikri mübarizənin davam etdiyi və dünyanın iki hissəyə bölündüyü bir həqiqətdir. Ancaq bu iki hissənin tərəfləri Müsəlmanlar və yəhudilər/Xristianlar deyil. Bir tərəfdə Allahın varlığına və birliyinə iman edənlər, digər tərəfdə isə inkarçılar durur. Başqa sözlə desək, bir tərəfdə din əxlaqını müdafiə edənlər, digər tərəfdə isə din əxlaqına qarşı olan ideologiyaları müdafiə edənlər durur.
  Din əxlaqına qarşı olanların və əxlaqi dəyərləri hədəf edən güc mərkəzlərinin əllərindəki geniş imkanları birləşdirdikləri və dindar insanlara qarşı ittifaqla hərəkət etdikləri bir həqiqətdir. Bu şər ittifaqı fikri mənada yox etmək, dinsiz materialist təlqinlərin mənfi, dağıdıcı nəticələrini ortadan qaldırmaq, gözəl əxlaqın, xoşbəxtliyin, dincliyin, təhlükəsizliyin, rifahın hakim olduğu cəmiyyətləri meydana gətirmək üçün isə Müsəlmanların, səmimi iman edən Xristianların və dindar Yəhudilərin ortaq məqsəd uğrunda birləşmələri lazımdır.
 Yəhudilər, Xristianlar və Müsəlmanların ortaq iman əsaslarına, ortaq ibadətlərə, ortaq əxlaqi dəyərlərə sahib olduqları hər üç İlahi dinin də müqəddəs kitablarında izah edilir. İmanlı, səmimi və vicdanlı Xristianların, Yəhudilərin və Müsəlmanların üzərinə düşən vəzifə pisliklərə və pislərə qarşı ortaq bir fikri mübarizə aparmaq, yardımlaşmaq, birlikdə çalışmaqdır. Bu birlik sevgi, hörmət, xoş münasibət, anlayış və əməkdaşlıq prinsipləri əsas götürülərək bina edilməlidir. Vəziyyətin nə qədər təcili olduğu göz qarşısında saxlanılmalı, çəkişmə, müzakirə və ayrılığa gətirib çıxaran ünsürlərdən şiddətlə qaçınılmalıdır.

 

Keçmişdə bu dinlərin mənsubları arasında müxtəlif anlaşılmazlıqlar ola bilər: bu tarixi bir həqiqətdir. Ancaq bunlar Xristianlıq, Yəhudilik və İslamın özündən deyil, dövlətlərin, birliklərin və fərdlərin yanlış qərar və düşüncələrindən, çox vaxt iqtisadi və ya siyasi mənfəətlərindən qaynaqlanmışdır. Yoxsa hər üç İlahi dinin ortaq məqsədlərindən biri bütün insanların sülh, dinclik, təhlükəsizlik və xoşbəxtlik içində yaşamalarıdır və buna zidd olan qarşıdurma üç dinə görə də səhvdir.
Xristianlığın əsası olan Əhdi-Cədid, Yəhudiliyin əsası olan Tövrata və İslamın əsası olan Qurana baxdıqda qarşılıqlı əlaqələrdə ən gözəl söz və davranışların tövsiyə edildiyini görərik.

 

Yaxşılıqla pislik bərabər olmaz. Sən, ən gözəl olan bir tərzdə (pisliyi) uzaqlaşdır; o zaman, (görərsən ki) səninlə onun arasında düşmənlik olan kimsə, sanki isti bir dost(un) olmuşdur. (Fussilət Surəsi, 34)

 

İnananların digər insanlarla davranış forması İncildə belə izah edilir:

 

Diqqətli olun ki, heç kim pisliyə pisliklə cavab verməsin, əksinə bir-birinizə və bütün insanlara həmişə yaxşılıq etməyə çalışın. (Saloniklilərə I Məktub, 5/15)

 

Tövratda isə Yəhudilərin insanlara yaxşılıqla davranmaları lazım olduğu bu şəkildə ifadə edilir:

 

Pislikdən yaxşılığa dönün ki, sağ qalasınız! Beləcə iddia etdiyiniz kimi Ordular Allahı Rəbb, Həqiqətən, sizə yar olacaq. Pisliyə nifrət edin, Yaxşılığı sevin, Məhkəmədə ədalətə üstünlük verin ... (Amos, 5, 14-15)

 

Quranda isə Rəbbimiz bir çox ayəsində gözəl əxlaqın, yaxşılığın, pisliyə yaxşılıqla cavab vermənin əhəmiyyətini bildirmiş, Yəhudilərə və Xristianlara, yəni Kitab Əhlinə qarşı da Müsəlmanların yaxşı niyyət və xoş münasibətlə yaxınlaşmalarını buyurmuşdur. Quranda Kitab Əhlinin, yəni Xristianlar və Yəhudilərin müşriklərdən (bütpərəst və ya dinsizlərdən) Müsəlmanlara daha yaxın olduqları açıqca bildirilmişdir. Kitab Əhli Allahın vəhyinə əsaslanan əxlaqi meyarlara, haram və halal anlayışlara malikdir. Bunun üçün Kitab Əhlindən olanların bişirdiyi yemək Müsəlmanlara halaldır. Eyni şəkildə, Müsəlman kişilərə Kitab Əhlindən qadınlarla evlənmə icazəsi verilmişdir. Bunlar isti insani əlaqələr və dinc ortaq həyat qurulmasını təmin edən əsaslardır.
 Quranda bu mülayim və xoş niyyətli baxış tövsiyə edilərkən, Müsəlmanların əksinə davranmaları doğru olmaz.
Allah Müsəlmanlara Quranda Kitab Əhlinə qarşı gözəl söz söyləmələrini bildirmişdir. Kitab Əhli ilə möminlər arasındakı ən əhəmiyyətli ortaq istiqamət bir olan Allaha imandır:

 

Kitab əhlinin zülm edənləri istisna olmaqla, onlarla ən gözəl tərzdə mücadilə edin! (Onlarla xoş rəftar edib ürəklərini ələ alın və özünüzdən incitməyin. Və deyin: “Biz həm özümüzə nazil olana, həm də sizə nazil olana inanırıq. Bizim də Allahımız, sizin də Allahınız birdir. Biz yalnız ona təslim olanlarıq!”

(Ənkəbut surəsi, 46)