Həzrəti İsanın üstün əxlaqı.

Peyğəmbərimizin (s.ə.v.) hədislərində Hz.İsa ilə bağlı çox mühüm xəbərlər verilmişdir. Hədislərdə bu mübarək insanın zahiri görünüşü haqqında da bəzi məlumatlar var. Hədislərə görə, Hz.İsa orta boylu, qırmızıya çalan ağ bədənli, düz saçlı, fövqəladə gözəlliyə malik bir insan idi. Uzatdığı saçları kürəklərinin arasına çatardı. Yun paltar və ağac qabığından hazırlanmış sandal geyinərdi. Hz.İsa dünyadan üz döndərər, axirəti istəyər və vaxtını Allaha ibadət etməklə keçirərdi (M.Asım Köksal, «Peyğəmbərlər Tarixi», səh. 334, 335).


Onu görən hər bir insanın heyran qalacağı gözəllikdə olan bu mübarək insan bəzi hədislərdə belə tərif edilir:


"Mən bu gecə yuxuda Kəbədə olduğumu gördüm. Qəfildən əsmər bir insan gördüm. Elə bil o əsmər insanlardan görünənlərin ən gözəli, başının saçı iki kürəyinin arasına tökülürdü. Daranmış və təmizlənmişdi, başından su axırdı. İki əlini iki insanın kürəyinə qoyaraq Beyti təvaf edirdi. "Bu kimdir" - deyə soruşdum. Onlar: "Bu, Məryəmin oğlu Məsihdir" - dedilər. "...Elə isə onu görəndə tanıyacaqsınız. O, orta boylu, ağ və pəmbə bədənli bir insan olub sarı rəngli paltarda olacaqdır..." (Məvdudi, «Tarix boyunca tövhid mübarizəsi və Hz.Peyğəmbər», I cild, səh. 377-383).


Allahın seçib göndərdiyi bir peyğəmbər olan Hz.İsada da bütün üstün əxlaqi xüsusiyyətlər ən gözəl şəkildə təzahür etmişdir. Onu başqa insanlardan fərqləndirən əsas xüsusiyyətlərdən biri insanların görən kimi təsirlənəcəyi yüksək əxlaqı və şəxsiyyətidir. Hz.İsa Allaha olan güvəni, təvəkkülü və imanı ilə çox iradəli, cəsarətli, cəmiyyətin təsirinə düşməyən, əksinə, başqalarına təsir edən güclü bir insandır. Həmçinin bütün peyğəmbərlərin malik olduğu bu üstünlük ayələrdə belə bildirilir:


"Bu, bizim İbrahimə öz tayfasına qarşı verdiyimiz dəlildir. Biz istədiyimiz şəxsi dərəcə-dərəcə yüksəldərik... Biz İshaqı və Yəqubu ona əta etdik. Onların hər birini hidayətə çatdırdıq. Bundan əvvəl Nuhu və onun nəslindən olan Davudu, Süleymanı, Əyyubu, Yusifi, Musanı və Harunu da hidayətə qovuşdurmuşduq. Biz yaxşı iş görənləri belə mükafatlandırırıq. Zəkəriyyəni, Yəhyanı, İsanı, İlyası da hidayətə çatdırdıq. Onların hamısı əməlisalehlərdən idi. Biz həmçinin İsmaili, Əlyəsəi, Yunisi və Lutu da aləmlərdən üstün tutduq. Biz onların atalarından, nəsillərindən və qardaşlarından da onları seçdik və düz yola yönəltdik. Bu, Allahın haqq yoludur. Bəndələrindən istədiyini ona yönəldir..." ("Ənam" surəsi, 6/83-88).


Bütün peyğəmbərlər kimi Hz.İsa da ədalətdən ayrılmayan, təvazökar, şəfqətli, səmimi, dürüst, fədakar bir insan kimi Allahın seçdiyi peyğəmbərlərdən idi. Bir ayədə Allah Hz.İsa üçün belə buyurur:


"Bu peyğəmbərlərin bəzisini digərindən üstün etdik. Allah bunlardan bəzisi ilə danışmış, bəzisinin isə dərəcələrini yüksəltmişdir. Məryəm oğlu İsaya açıq möcüzələr verdik və onu müqəddəs ruhla qüvvətləndirdik..." ("Bəqərə" surəsi, 2/253).


Hz.İsanın həyatına nəzər salanda onun bu üstün əxlaqi xüsusiyyətlərini görmək olar. Hz.İsa hər şeydən əvvəl dini insanlara çatdıran bir hidayət rəhbəri idi. O, həm Allahın bütün əmr və tövsiyələrinə ən çox riayət edən, həm də ən düzgününü anladaraq xalqı xurafatlardan uzaqlaşdıran bir yolgöstərəndir. Hz.İsanın Allahın göstərdiyi ibadətləri və digər əxlaqi xüsusiyyətləri həssaslıqla tətbiq etməsi Qur’anda belə bildirilir:


"Dedi: "Mən həqiqətən Allahın quluyam. O, mənə kitab verdi, özümü də peyğəmbər etdi. O, harada oluramsa olum, məni mübarək etdi və mənə diri olduqca - namaz qılıb zəkat verməyi tövsiyə buyurdu. Anama itaət etməyi də..." ("Məryəm" surəsi, 19/30-32).


Hz.İsa yer üzündə olduğu müddət ərzində düzgünü səhvdən ayırmaq, hikmətli və təsirli söz söyləmək kimi xüsusiyyətləri ən gözəl nümunələrlə ortaya qoymuşdu. Düşmənlərinin onu alçaltmaq üçün mənfi məqsədlə soruşduqları suallara ən hikmətli və ən məntiqli cavablar vermiş, bir nümunə ilə düşmənlərinin bütün səylərini puça çıxarmışdı. Hz.İsa xalqının ona qarşı rəftarının müqabilində həmişə təvəkküllü olmuş, Allaha olan güclü imanı və səmimiyyəti ona güc vermiş, Allahın varlığını ən təsirli yollarla izah etmişdi.


Hz.İsa başqa peyğəmbərlər kimi təbliğində dini insanlara açıq, səlis və xalqın başa düşəcəyi şəkildə çatdırmışdı. Verdiyi hikmətli tövsiyə və nümunələr insanların vicdanına təsir etmiş, onları fikirləşməyə, Allahın razı olacağı kimi davranmağa təşviq etmişdi. Hz.İsanın təbliğindən onun Allaha olan sevgisi, coşğulu imanı və Allahın əmrlərini yerinə yetirmək işindəki təbliğ üsulu onun Allahın seçib bəyəndiyi və insanlardan üstün etdiyi müqəddəs bir insan olduğunu bizə ən gözəl şəkildə göstərir.