Həzrəti İsanı gözləmək.

Hz. İsanın yer üzünə yenidən gəlməsi Müsəlmanlar üçün çox əhəmiyyətlidir. O Allahın möcüzəsi ilə atasız doğulan, İsrailoğullarını doğru yola dəvət edən, onlara bir çox möcüzələr göstərən bir peyğəmbərdir. Məsihdir və Qurana istinadən "Allahın kəlməsidir"dir (Nisa Surəsi, 171). Onun yenidən yer üzünə gəlməsi ilə Allaha inanan, eyni əxlaqi dəyərləri bölüşən və bir-birlərinə "sevgi baxımından ən yaxın olan" (Maidə Surəsi, 82) Xristianlar və Müsəlmanlar arasındakı anlaşılmazlıqlar ortadan qaldırılacaq və dünyanın iki böyük dini birləşəcək. İlahi dinin üçüncü mənsubları, yəni Yəhudilər də Hz. İsaya iman edərək hidayət tapacaqlar (Nisa Surəsi, 159). Beləliklə, üç İlahi din birləşəcək, yer üzündə Allaha iman və Onun peyğəmbəri Hz. İsaya itaət etmə üzərində qurulmuş bir din qalacaq. Bu din Allahı inkar edən fəlsəfi cərəyanları və bütpərəst inancları fikri mübarizə ilə məğlubiyyətə uğradacaq, beləcə dünya müharibələrdən, qarşıdurmalardan, irqçilikdən və etnik düşmənçiliklərdən, zülm və haqsızlıqlardan xilas olacaq, insanlıq sülh, xoşbəxtlik və rahatlıq içində "Qızıl dövr" yaşayacaq.
 
 Bu, dünya tarixinin ən böyük hadisələrindən biridir. Üç İlahi dinin birləşəcəyi mühit bütün Amerika qitəsinin, Avropanın, İslam dünyasının, Rusiyanın, İsrailin bir inancda birləşməsi mənasına gəlir ki, belə bir birlik tarixdə heç vaxt qurulmamışdır. Bu birliyin dünyaya bəxş edəcəyi sülh, əmin-amanlıq, sabitlik, xoşbəxtlik heç bir dövrdə təmin edilməmiş, onun bənzəri belə görünməmişdir.
 
 Üstəlik, Hz. İsanın yer üzünə qayıtması dünya tarixinin ən böyük möcüzələrindən biridir.
 Peyğəmbərlər Allahın təqdiri ilə müxtəlif möcüzələr göstərirlər. Hz. İsa Allahın lütfü ilə bundan 2000 il əvvəl Fələstin torpaqlarında ölüləri diriltmək, korları və cüzamlı xəstələri sağaltmaq, cansız maddələrə can verilmək kimi (Maidə Surəsi, 110) möcüzələr göstərmişdir.
 
 Hz. İsanın 2000 il sonra yenidən dünyaya qayıtması, yetkin yaşında anasız və atasız həyata təzədən başlaması isə çox böyük möcüzə olacaq. Hz. İsa insanlara yeni möcüzələr də göstərəcək. Beləliklə, elmi və fəlsəfi cəhətdən çökən materialist fəlsəfə bütün dünyanın gözü qarşısında yıxılacaq, insanlar Allahın varlığının və qüdrətinin açıq-aşkar dəlillərini görəcəklər.
 Beləliklə, Allahın bizə Quranda bildirdiyi işarələr, Peyğəmbərimizin (s.ə.v) hədisləri və İslam alimlərinin şərhləri istiqamətində bu müqəddəs dövrün çox yaxın olduğuna inanırıq. Biz Hz. İsanın yaxında gələcəyinə görə böyük həyəcan keçiririk, özümüzü və dünyanı bu müqəddəs qonağa hazırlamaq üçün əlimizdən gələni edirik.
 Xristianlara xitabımız isə onların da bu barədə mümkün qədər həssas, şüurlu və şövqlü olmalarıdır.
 Xristian Dünyası Hz. İsanın Gəlişinə Hazırdırmı?
Xristianların Hz. İsaya olan sevgiləri tarix boyu onlara gözəl əxlaq qazandırmışdır. Allah Quranda Xristianları "insanların içində iman edənlərə sevgi baxımından ən yaxın" olanlar kimi təsvir edir və ayənin davamında belə buyurur:
 
...Bu onların içində keşiş və rahiblərin olması və onların özlərini yuxarı tutmamalarına görədir.. (Maidə Surəsi, 82)
 
Bir başqa ayədə isə Xristianların müsbət əxlaqından belə danışılır:
 
(Onlardan sonra) Məryəm oğlu İsanı göndərib ona İncil verdik. Onun ardınca gedənlərin qəlblərində bir-birinə şəfqət, mərhəmət oyatdıq. ...(Hədid Surəsi, 27)
 
Tarix boyu Xristianlar müxtəlif zülmlərə dözmüş, dünya zövqlərindən imtina edərək əziyyətli həyatı seçmiş, böyük fədakarlıqlar etmişlər. Bütün bunlar səmimiyyətin əhəmiyyətli bir göstəricisidir. Ancaq Hz. İsanın gəlişinin yaxın olduğu bu əsrdə bu səmimiyyət daha güclü şəkildə göstərilməlidir.
 • Xristian qaynaqlarında da Hz. İsanın yer üzünə qayıdacağı bildirilir.
 
 Əhdi-Cədiddə dəfələrlə Hz. İsanın yer üzünə yenidən dönəcəyi xəbər verilir. İbranilərə Məktubda yazıldığına görə "Məsih ikinci dəfə... qurtuluş gətirmək üçün özünü gözləyənlərə görünəcək." (Bap 9, 28) Bir çox Əhdi-Cədid keçidində Hz. İsanın yenidən gələcəyi müjdələnir. Bu vəd qəti olduğu üçün bütün Xristianların bunu həyatlarının əsas məsələsi halına gətirməli, ikinci gəlişi hər zaman gözləməli və dünyada buna əsasən fəaliyyət göstərməlidirlər.
 • Xristian qaynaqlarına görə də Hz. İsanın dönüşü yaxındır.
 Bir çox Xristian ikinci gəlişin çox yaxın olduğunu düşünür. Çünki Əhdi-Cədiddə və Əhdi-Ətiqdə Məsihin gəlişi ilə əlaqədar məlumatların demək olar ki, hamısı reallaşmışdır. Bütün dünyada din əxlaqının yayılması, ateist fəlsəfənin çökməyə başlaması, insanların Allah inancına yönəlməsi də əhəmiyyətli bir əlamətdir. Vəziyyət belə ikən heç bir Xristianın Hz. İsanın İkinci Gəlişi barəsində laqeyd qalması düzgün olmaz.
 • Xristian qaynaqlarına görə də Hz. İsanın dönüşü tarixin ən böyük hadisəsi olacaq.
 İkinci dönüş Xristian qaynaqlarına görə də qəti və yaxın bir həqiqət olduğundan bu bütün Xristianlıq aləminin ən əhəmiyyətli gündəmi olmalıdır. Hz. İsa kimi Allahın üstün etdiyi müqəddəs peyğəmbər yaxında dünyaya gələcəyindən, bunun üçün hazırlıq edilməli, bu mövzu gündəmdə tutulmalıdır.
 • Hz.İsa gəldiyində bütün inananları birləşdirəcəyindən, mənasız ayrılıqlar və münaqişələr bir kənara qoyulmalıdır.
 • Hz.İsa gəldiyi zaman ona inanan bütün Xristianlar və Müsəlmanlar bir inancda birləşəcəyindən Xristianlar və Müsəlmanlar arasındakı güvənsizlik və etibarsızlıqların aradan qaldırılması üçün indidən səy göstərmək lazımdır.
 İncilin son hissəsi olan "Vəhy" kitabında belə deyilir: "... Rəbbimiz və Onun Məsihi  Dünya üzərində Padşahlığa sahib oldu! O əbədi olaraq padşahlıq edəcək!" (Vəhy, 11,15)
 
 Bütün Xristianlar yaxınlaşan bu böyük müjdənin həyəcanı, eşqi, şövqü içində olmalıdır.
 Bu həyəcanı, eşqi və şövqü yaşayan Müsəlmanlar olaraq Xristianlara səslənirik:
 Gəlin Hz. İsanın yaxınlaşan qayıdışına birlikdə hazırlanaq. Hz. İsanın bizə doğrunu öyrədəcəyini bilərək, aramızdakı inanc fərqliliklərinə hörmət göstərək. Onun görmək istədiyi kimi dünyanı sülh, qardaşlıq, mərhəmət və sevgi ilə doldurmağa çalışaq. Ona düşmən olan, Allahı inkar edən fəlsəfə və ideologiyalara qarşı birlikdə fikri mübarizə aparaq.
 Gəlin dünya tarixinin yaxınlaşan ən böyük möcüzələrindən və müjdələrindən birini birlikdə gözləyək.