Həzərti İsanın mübarizəsi.

Hz.İsanın gəldiyi dövrdə yəhudi cəmiyyətində dini insanlara fərqli şəkillərdə çatdıran çox sayda məzhəb var idi. Allahın Hz.Musaya vəhy etdiyi haqq dindən uzaqlaşılmış, batil ənənələr və azğın inanclar meydana çıxarılmışdı. Bunlara əlavə olaraq da bütpərəst Ellin mədəniyyəti insanlar arasında yayılır və onun rəğbətlə qarşılanmasına səy edilirdi. Bu mədəniyyətin təsiri altındakı bəzi yəhudi məzhəbləri isə sahib olduqları tövhid inancının yerinə bu azğın anlayışın rəmzlərini, heykəllərini qoymağa başlamışdılar.


Xaos və qarmaqarışıqlıq içindəki cəmiyyətə hidayət rəhbəri olaraq göndərilən Hz.İsa onların aralarında olduğu müddət ərzində çox müxtəlif cəmiyyətlərlə mübarizə aparmışdı. Qur’an ayələrindən Hz.İsanın dinləri məsələsində ixtilaf edənlərə yol göstərdiyi aydın olur. İncildə qeyd edilən bəzi ifadələrdən də Hz.İsanın xüsusilə saxta din adamlarını, Allaha şərik qoşan müşrik qrupları, dindar kimi görünərək xalqı aldadanları əməllərindən əl çəkməyə, səmimi şəkildə Allaha iman gətirməyə dəvət etdiyi aydın olur. İncildə tez-tez bəhs edilən iki qrupu - fəriseyləri və saddukiləri buna misal göstərə bilərik. Müxtəlif məsələlərdə dərin ixtilafda olan bu iki qrupun bəzi mənsublarının müştərək cəhətləri isə Allahın Hz.İsanın vasiləsilə insanlara göndərdiyi vəhydən möhkəmcə narahat olmalarıdır. Çünki Hz.İsanın təbliğ etdiyi haqq dinə görə, həm maddiyyatçı bir dünyagörüşünə sahib olan saddukilər, həm də səmimiyyətini itirərək üzdə görünənlərə və xurafatlara yönələn fəriseylər səhv yolda idi. Bu qruplar içində olduqları vəziyyəti başa düşəndə Hz.İsaya qarşı cəbhə açmışdılar. Allah Qur’anda belə bildirir:


"İsa aşkar möcüzələrlə gəldiyi zaman dedi: "Həqiqətən mən sizə hikmətlə, həm də ixtilafda olduğunuz bəzi şeyləri izah etmək üçün gəlmişəm. Allahdan qorxun və mənə itaət edin!" ("Zuxruf" surəsi, 63).


Həm fəriseylər, həm də saddukilər mövcud sistemdən mənfəət götürür, buna görə də Hz.İsaya itaət etmirdilər. Onlar yəhudi cəmiyyətində böyük bir nüfuz sahibi sayılır, din adamı kimi hər kəsdən böyük hörmət görürdülər. Yaratdıqları saxta din onlara status, hətta pul qazandıran bir qurum halına gəlmişdi. Ölkəni idarə edən Roma valisi ilə də sıx əməkdaşlıq edirdilər. Xüsusilə də saddukilər Roma ilə İsrail xalqı arasındakı mənfi münasibətləri aradan qaldırır və bunun əvəzində Romanın onlara göstərdiyi ayrı-seçkilikdən istifadə edirdilər. Bu şərtlər nəzərə alınanda Hz.İsanın təbliğinin bu din adamlarını niyə narahat etdiyini başa düşmək çox asandır. Çünki Hz.İsa bütün peyğəmbərlər kimi pozulan, hər cür əxlaqsızlığı halal qəbul edən "mövcud sistem"i hədəf seçmişdi. Hz.İsa onların yol verdiyi bütün ədalətsizliklərdən, haqsızlıqlardan, əxlaqsızlıqlardan və bütpərəst dinlərindən əl çəkməsini, ancaq Allah üçün yaşamasını istəyirdi. O, insanlara Allah qorxusunu, Allahı sevməyi, Allaha təslim olmağı nəsihət edirdi. Düzgün olmayan qaydalardan, mənfi əməllərdən uzaqlaşmalarının, ancaq Allaha ibadət edib hər işdə Allaha yönəlmələrinin vacibliyini bildirirdi. Göstərdiyi möcüzələr onun Allahın seçib bəyəndiyi, elm və qüvvət kimi dəstəklədiyi çox qiymətli bir peyğəmbər olduğunu açıq şəkildə ortaya qoyurdu. Onun iman dərinliyi, yüksək əxlaqı, üstün qavrayışı və hikmətli açıqlamaları insanlarda böyük heyranlıq yaradırdı.


Əhdi-Cədidə görə, Hz.İsa təbliğat apararkən bir tərəfdən də ağır zülmə məruz qalan xalqa qurtuluşun yaxınlaşdığını, yaxında Allahın hakimiyyətinin qurulacağını söyləyərək onların içindəki inancı canlandırmışdı. Bu zaman Hz.İsanın Hz.Davudun nəslindən gəldiyi xəbəri də xalq arasında geniş yayılmış və onun gözlənilən Məsih olduğu inancı dalğa-dalğa yayılmışdı (Matta İncili, 9/28-35). Bütün bunlar da mövcud sistemdən mənfəət götürən saxtakar din adamlarını və Romanın gətirdiyi bütpərəst mədəniyyəti qəbul edənləri narahat edirdi.


Əhdi-Cədidə görə, bu dairələr Hz.İsanın təbliğini təsirsiz hala gətirəbilmək üçün hər fürsəti dəyərləndirmiş, ancaq hər dəfə məğlub olmuşdular. Hz.İsanın onların iddialarını tamamilə darmadağın edən cavablar və hikmətli izahlar verməsi din adamlarını çox narahat etmişdi. Onları tələ qurmağa vadar edən səbəblərdən biri də Hz.İsanın onlar haqqında bəhs etdikləri olmuşdu. Luka İncilinə görə, Hz.İsa xalqın qarşısında onların saxtakarlıqlarını bu cür açıqlamışdı:


"Din alimlərindən özünüzü gözləyin! Onlar uzun paltarlarda gəzməyi, meydanlarda salam almağı, sinaqoqlarda baş kürsüləri və ziyafətlərdə yuxarı yerləri tutmağı sevirlər. Onlar dul qadınların evlərini talayar və riyakarcasına uzun-uzadı dualar edərlər. Bunlar daha ağır məhkumiyyətə uğrayacaqlar" ("Luka" İncili, 20/46-47).


Bəzi yəhudi din adamları Tövrat hökmlərini dəyişdirmiş, şəxsi mənfəətlərinə uyğun yeni hökmlər əlavə etmişdilər. Hz.İsa yəhudi xalqına verdiyi nəsihətlərlə bu saxta hökmləri aradan qaldırırdı. Hz.İsanın təmizləməyə çalışdığı şey Hz.Musanın gətirdiyi qadağaların üstünü örtən batil ənənələr, xurafatlar, insanların ortaya atdığı qadağalar idi. Mark İncilinə görə, Hz.İsa fəriseylərlə danışarkən onları xüsusilə bu yöndən tənbeh etmişdi:


"İsa onlara (fəriseylərə və din adamlarına) belə cavab verdi: ...Siz Allahın əmrini atıb insan ənənəsinə riayət edirsiniz... Beləliklə, siz nəsildən-nəslə keçən öz ənənənizlə Allahın sözünü təsirsiz edir və buna oxşar çox şeylər edirsiniz" ("Mark" İncili, 7/6-13).


Fəriseylər qazanclarının onda bir hissəsini Allaha nəzir verməli olduqlarına inanır və bu qaydaya da tabe olurdular. Ancaq bunu bir ibadətdən daha çox ənənə halına gətirmişdilər. Luka İncilinə görə, Hz.İsa onlara belə xəbərdarlıq etmişdi:


"Amma vay halınıza, fəriseylər! Çünki nanə, sədəfotu və hər cür göyərtinin onda birini verirsiniz, amma ədalətə və Allahın məhəbbətinə qayğısızlıq göstərirsiniz. Onda bir hissəni verməyi ehmal etmədən əsas bunları tətbiq etməli idiniz. Vay halınıza, fəriseylər! Çünki sinaqoqlarda baş kürsüdə oturmağı və bazar meydanlarında salam almağı sevirsiniz. Vay halınıza! Çünki itmiş qəbirlər kimisiniz ki, insanlar bilmədən üstünüzdən keçərlər" ("Luka" İncili, 11/42-44).


"Vay sizin də halınıza, Qanun alimləri! Çünki siz adamların boynuna çətin daşına bilən yüklər qoyur, özünüz isə bir barmağınız ilə də olsa, o yüklərə toxunmursunuz" ("Luka" İncili, 11/46).


"Vay halınıza, Qanun alimləri! Çünki elm qapısının açarını siz götürdünüz; nə özünüz girdiniz, nə də girmək istəyənlərə imkan verdiniz" ("Luka" İncili, 11/52).


Bu cür xəbərdarlıqlar və etdikləri əxlaqsızlıqların bir-bir ortaya çıxarılması din adamlarının Hz.İsaya olan düşmənçiliklərini daha da artırmışdı. Həmçinin Luka İncilinə görə, Hz.İsanın yuxarıdakı sözlərindən sonra saxta din alimləri ilə fəriseylər onu tələyə salmaq üçün fürsət axtarmağa başlamışdılar ("Luka" İncili, 11/53-54).


Qur’anda bildirildiyi kimi, Hz.İsa İsrail oğullarını Allaha könüldən iman gətirməyə və Hz.Musanın gətirdiyi şəriətə geri qayıtmağa dəvət etmişdi. Hz.İsanın yəhudilər haqqında Tövratın "İşaya" kitabından götürərək dediyi aşağıdakı sözlər də Qur’anda inkarçılar üçün bildirdiyi "...Onların qəlbləri vardır, lakin onunla anlamazlar. Onların gözləri vardır, lakin onunla görməzlər. Onların qulaqları vardır, lakin onunla eşitməzlər..." ("Əraf" surəsi, 7/179) ayəsi ilə böyük bir bənzərlik göstərir:


"Qulaqlarınızla eşidəcəksiniz, amma başa düşməyəcəksiniz. Gözlərinizlə baxacaqsınız, lakin görməyəcəksiniz. Çünki bu xalqın ürəyi kobudlaşıb, qulaqları ilə ağır eşidirlər. Gözlərini yummuşlar ki, gözləri ilə görməsinlər, qulaqları ilə eşitməsinlər. Ürəkləri ilə anlamasınlar və müraciət etməsinlər ki, onlara şəfa verim" ("Matta" İncili, 13/14-15).




Peyğəmbərlər Allahın onlara verdiyi vəzifələri ən gözəl şəkildə yerinə yetirmiş, insanları hidayət yoluna dəvət etmək üçün əllərindəki imkanlardan və bütün güclərindən axıra kimi istifadə etmişdilər. Hz.İsa da ona qurulan bütün tələləri, atılan böhtanları və təşkil edilən hücumları çox böyük bir səbrlə qarşılamış və Allaha təvəkkül edib təbliğat aparmaqda davam etmişdi. O, yanında köməkçilərinin sayının az olmasına baxmayaraq həmişə qalib gələn tərəf olmuşdu. Bu təbliğ zamanı dini əslinə qaytara bilmək, onu xurafatlardan və batil qaydalardan təmizləmək üçün müxtəlif üsullardan istifadə etmişdi. Rəbbimizin ona bəxş etdiyi üstün qavrayış və hikmət sayəsində İsrail oğullarına qarşı çox təsirli çıxışlar etmiş, hikmətli nümunələr vermişdi.


Nəticə olaraq deyə bilərik ki, Hz.İsa insanları ancaq Allaha iman gətirməyə dəvət etmiş, din əxlaqının hakim olacağını müYdələmiş, batil inanclarla, xurafatlarla və bütpərəstlərlə mübarizə aparmış, dünyanın bir imtahan yeri olduğunu misallarla açıqlamış, xalqın yanlış əxlaq anlayışını düzəltmək üçün böyük səy göstərmiş, üstün əxlaqı ilə də ətrafındakı insanlara ən gözəl nümunə olmuşdu. Ancaq bütün bu fəaliyyəti düşmənlərinin daha qəti hərəkətlərə əl atmasına, onu öldürmək üçün böyük tələ qumasına səbəb olmuşdu.