Hz. İsa da hər varlıq kimi Allahın təcəllisidir, ancaq (haşa) Allahın şəxsi deyil.

Bəzi xristianların Hz. İsaya (ə.s) ilahlıq vəsfi verməsinin (Allahı tənzih edirik) əsasında, daha əvvəl də ifadə etdiyimiz kimi bəzi İncil sözlərinin yanlış şərh edilməsi durur. Hz.İsa (ə.s) əlbəttə, Allahın ruhunu daşıyır və əlbəttə, Allah onda təcəlli edir. Lakin "təcəlli" anlayışı bir sıra xristianlar tərəfindən səhv şərh olunmuş, əsrlər boyunca Allahın Şəxsinin Hz. İsada (ə.s) təcəlli etdiyi kimi yanlış inanca çevrilmişdir. Dövrümüzdə bəzi xristianların bu mövzuda ciddi şəkildə yanılmalarının da əsas səbəbi budur.
Bu səhf dünyagörüşündən xilas ola bilmək üçün xristian qardaşlarımız təcəlli ilə nəyin nəzərdə tutulduğunu çox yaxşı anlamalıdırlar.
Allah bütün kainatı yoxdan var edən, bütün kainat üzərində mütləq Hakimiyyət Sahibi olandır. Göylərin və yerin mülkü yalnız ONA aiddir. ALLAH HƏR YERDƏDİR. Bütün analar və atalar Allahın təcəlliləridir. Bütün oğullar və uşaqlar Allahın təcəlliləridirlər. Bütün kəpənəklər, quşlar, ağaclar, güllər, meyvələr Allahın təcəllisidir. Planetlər, günəşlər, nəhəng kainat Allahın təcəllisidir. Allahın Şəxsi bir çox yerdə və bir çox şəkildə təcəlli edə bilər. Bu, Allahın yaratma sənətidir. Allah üstün güc və qüdrətini, dilədiyi varlıqda dilədiyi şəkildə göstərməyə qadirdir. Allah Hz. Musaya (ə.s) koldan səsləndiyində də Allah kolda təcəlli etmişdir.
Allah yaratdıqlarından ayrı deyil. Bütün varlıqlar, kainatdakı hər şey Onun bir görünüşüdür. İnsanlar heç vaxt Allahın Uca Şəxsini görə bilməzlər, amma Onun təcəlliləri ilə həmişə əhatə olunublar. İnsanın özü də Allahın bir təcəllisidir. Uca Allah kainatda var olan hər şeyi, bütün varlıqları əhatə etmişdir. Allah bu həqiqəti İncildə bildirmişdir:
Hər şeydən əvvəl var olan Odur və hər şey varlığını ONDA davam etdirir. (Pavlusdan Koloseslilərə Məktub, 1:17)

 

 

Allahın görmədiyi heç bir varlıq yoxdur. Özünə hesab verəcəyimiz Allahın gözləri qarşısında hər şey aydın və açıqdır. (İbranilərə Məktub, 4:13)

 

Allah hər yeri və hər şeyi əhatə etdiyini Quranda belə xəbər verir:

 

Allah, Ondan başqa ilah yoxdur, (əbədi) Yaşayandır, (bütün yaratdıqlarının) Qəyyumudur. Onu nə mürgü, nə də yuxu tutar. Göylərdə və yerdə nə varsa, Ona məxsusdur. Onun izni olmadan Onun yanında kim havadarlıq edə bilər? O, (məxluqatın) gələcəyini və keçmişini bilir. Onlar Onun elmindən, Onun istədiyindən başqa heç bir şey qavraya bilməzlər. Onun Kürsüsü göyləri və yeri əhatə edir. Bunları qoruyub saxlamaq Ona ağır gəlmir. O, Ucadır, Uludur. (Bəqərə surəsi, 255)

 

Allah yaratdığı təcəllilərinə yaxınlığını isə belə xəbər vermişdir:İnsanı Biz yaratdıq və nəfsinin ona nəyi vəsvəsə etdiyini də bilirik. Biz ona şah damarından da yaxınıq. (Qaf surəsi, 16)

 

Rəbbimiz Uca Şəxsinin hər yeri əhatə etdiyini bu ayədə bildirmişdir: Məşriq də, məğrib də Allahındır! Hansı səmtə yönəlsəniz, Allahın Üzü orada olar. Həqiqətən, Allah (hər şeyi) Əhatə edəndir, Biləndir. (Bəqərə surəsi, 115)

 

Bir şeyin Allahın təcəllisi olmadığını iddia etmək, onun Allahdan müstəqil varlıq olduğunu iddia etmək mənasını verər ki, bu bilavasitə şirkdir və iman pozuqluğudur. Bu, Allahın sonsuz olmadığını iddia etməklə eyni şeydir (Allahı bütün bu ifadələrdən tənzih edirik). Allahın sonsuz Varlığı hər şeyi əhatə edir. Ondan müstəqil heç bir varlıq yoxdur. Allah hər şeydə Öz Varlığını göstərir. Bu səbəbdən Allahın təcəllisi olmayan, Allahdan müstəqil varlıqdan danışmaq mümkün deyil.
Hz. İsa (ə.s) güclü Allah qorxusu və sevgisi, üstün əxlaqı, nümunəvi rəftarı, Rəbbimizin ona bəxş etdiyi möcüzələri, Allahın lütfü ilə sahib olduğu fövqəladə xüsusiyyətləri ilə Allahın xüsusi təcəllisidir. Allahın çox sevimli qulu, Rəhman adının daha çox təcəlli etdiyi müqəddəs peyğəmbəridir. Allahın təqdiri ilə sanki mələk əxlaqı göstərən, mübarək və üstün rəftarlı insan olması və İncildə keçən "Allahın oğlu" ifadələri zaman içində Hz. İsaya (ə.s) olan sevgini çox təhlükəli həddə gətirib çıxarmışdır. Xristianlar Allahın mübarək qulu və peyğəmbəri olan Hz. İsanı (ə.s) Rəbbimizin bütün digər təcəlliləri kimi bir təcəlli olaraq qəbul etdiklərində, ona xəyanət edəcəklərini, duyduqları sevgiyə zərər gələcəyini düşünə bilərlər. Halbuki bu, bir sevgi ifadəsi deyil. Sevgi Hz. İsanı (ə.s) ilahlaşdırmaq (Allahı tənzih edirik) deyil. Bu, Allah sevgisini anlaya bilməməkdən qaynaqlanan ciddi yanılmadır. Belə bir anlayışdan Allaha sığınmaq lazımdır. Sevgi hər şeyin Yaradıcısı və Tək Sahibi olan Allaha yönəldilər. Rəbbimizin ən gözəl təcəlliləri də elə buna görə çox sevilərlər. Bizim Hz. İsaya (ə.s) olan sevgimiz Allaha olan sevgimizdən və Hz. İsanın (ə.s) da Allahın gözəl təcəllisi olduğunu bilməyimizdən qaynaqlanan müqəddəs sevgidir.
Hz. İsanın (ə.s) Allahın yaratdığı bütün təcəllilər kimi bir təcəlli olması, onun dəyərini əlbəttə ki, aşağı salmayacaq. O, Allahın gözəl və saleh quludur, Rəbbimizin özü üçün seçdiyi gözəllər gözəli peyğəmbəridir. Onu bu üstün xüsusiyyəti ilə Allah rizası üçün sevmək daha qiymətli və gözəldir. Göstərilməli olan əsl sevgi forması budur.
Allahın izni ilə yaşadığımız axır zamanda Hz. İsa (ə.s) o gözəl camalı və nuru ilə yenidən yer üzünə nuzül edəcək və bu həqiqətləri xristian qardaşlarımıza özü izah edəcək. Allahın izni ilə o zaman xristianların hamısı ona və söylədiklərinə iman edəcək və bu səhv inancların hamısı ortadan qalxacaq. Buradakı məqsədimiz Hz. Məsihin gəlişindən əvvəl ona mühit hazırlaya bilmək və xristian qardaşlarımıza bu həqiqətlərin əhəmiyyətini əvvəlcədən xatırlatmaqdır.