Həzrəti İsa (ə.s) necə tanınar? (1)

Hz. İsa bundan təxminən 2000 il əvvəl yaşayan, Allahın dünyada və axirətdə üstün etdiyi bir elçidir. Hz. İsa doğumu, həyatı, Allah Qatına qaldırılmağı və bu kimi digər hadisələrlə möcüzəvi bir həyata sahib olmuşdur. Bu mübarək şəxsin həyatı Quranda ətraflı şəkildə xəbər verilmişdir. Allah Quranda bir çox peyğəmbərin qissəsini bizə bildirir. Ancaq Hz. İsa bir çox xüsusiyyəti ilə digər peyğəmbərlərdən fərqlənir. Allahın dərin elm verdiyi bu qiymətli bəndə hələ beşikdəykən danışmağa başlamış, dünyada qaldığı müddət ərzində isə ətrafındakı insanlara böyük möcüzələr göstərmişdir. Onun bu möcüzəli həyatına bir misal kimi Quranda haqqında xəbər verilən Allahın Dərgahına qaldırılmasını və yenidən dünyaya göndəriləcəyini göstərə bilərik. (Nisa surəsi, 156-159; Ali İmran surəsi, 55; Maidə surəsi, 117; Zuxruf surəsi, 57-61; Ali İmran surəsi, 45-48; Maidə surəsi, 110; Ali İmran surəsi, 59; Məryəm surəsi, 33.) Bu ayələrdən birində, “Şübhəsiz ki, o, (İsanın zühuru) qiyamət saatı üçün bir əlamətdir. Ona (qiyamətə) şəkk etməyin və Mənə tabe olun. Bu, doğru yoldur!” (Zuxruf surəsi, 61)  şəklində buyurulur. Bu ayənin Hz. İsanın axır zamanda dünyaya qaytarılacağına açıq-aşkar işarə etdiyini söyləyə bilərik. Çünki, Hz. İsa Quranın enməsindən təxminən altı əsr əvvəl yaşamışdır. Bu səbəbdən də Hz. İsanın ilk həyatını "qiyamət saatı üçün bir əlamət", yəni, bir qiyamət əlaməti olaraq qəbul etmək olmaz. (Baxın, Məsih Müjdəsi, Harun Yəhya)


Ayə Hz. İsanın axır zamanda, yəni qiyamətdən əvvəl yenidən dünyaya qaytarılacağına və bunun da bir qiyamət əlaməti olacağına işarə edir. (Ən doğrusunu Allah bilir.)


Hz. İsanın gəlişi Quranda bir çox ayələrlə bildirildiyi kimi Peyğəmbər Əfəndimizin (s.ə.v.) hədislərində də xəbər verilmişdir. Bu hədislərdən bəziləri bu şəkildədir:


"Siz on əlaməti görənə qədər qiyamət qopmaz... Biri də İsanın enməsi..." (Müslim, Kitabı-l Fitən: 39)


"Vallah, şübhəsiz ki, Məryəm oğlu İsa enəcək, ədalətli bir hakim, ədalətli bir hökmdar olaraq enəcək... (Əbu Hureyrə (r.ə.), Buxari, Büyu 102, Məzalim 31, Ənbiya 49; Müslim, İman 242 (155); Əbu Davud, Məlahim 14 (4324); Tirmizi, Fitən 54 (2234)"


Hz. İsa ilə əlaqədar hədislərə digər İslam alimləri də izahlar veriblər. Bunlardan bəziləri bu şəkildədir:


İmam Suyudi, "Əl Havi Lil Fətava" adlı kitabı və "Əl İləm bi Hukmi İsa" adlı risaləsində bu mövzu haqqında ətraflı danışmış və bu hədislərin geniş şəkildə qəbul edilən hədislərdən olduğunu bildirmişdir:

"Hədis elminə sahib olanlara gizli deyil ki, sözü gedən hədislər hər kəs tərəfindən qəbul edilən hədislərdir. Hz. Mehdi Muntəzər (gözlənilən Hz. Mehdi) haqqında olan hədislər, Dəccal haqqındakı hədislər və Hz. İsanın enməsi ilə əlaqədar hədisi-şəriflər doğruluğuna şübhə edilməyən hədislərdir. (Əl Havi, 2/277) "

Şövqani də Hz. İsanın qayıdışına aid hədisləri bir-bir nəql etmişdir:


"Bizim nəql etdiyimiz hədislər göründüyü kimi hər kəs tərəfindən qəbul edilir. Bu bəyanımızdan belə nəticəyə gəlmək olar ki, gözlənilən Hz. Mehdi haqqındakı hədislər, Dəccal haqqında olan hədislər və Hz. İsanın dünyaya qayıdışına aid hədislər də bu cürdür." demişdir. (Sünəni İbni Macə, 10/338) "


Qısaca izahını verdiyimiz bu məlumatlardan sonra ağıla gələcək ilk sual, "Hz. İsa yenidən dünyaya gələndə kim olduğunun necə bilinəcəyi və onun hansı xüsusiyyətlərindən tanınacağıdır".


Hz. İsanın axır zamanda dünyaya yenidən göndəriləcəyi, İslamiyyəti seçərək Hz. Mehdi ilə birlikdə İslam əxlaqının bütün dünyaya hakimiyyətinə vəsilə olacağı Quran ayələrində və Peyğəmbər Əfəndimizin (s.ə.v.) hədislərində müjdələnmişdir. Beləliklə, yaşadığımız axır zamanın ən əhəmiyyətli mövzularından biri də Hz. İsanın hansı xüsusiyyətləri ilə tanınacağıdır.