Həzrəti İsanın təbliği.

Dünyaya gələndən Allahın yanına yüksəldilənə kimi bütün həyatı möcüzələrlə dolu olan Hz.İsanın yaşadığı və Allahın icazəsi ilə göstərdiyi möcüzələr Qur’anda belə xəbər verilir:


"Xatırla ki, o gün Allah belə buyuracaq: "Ya Məryəm oğlu İsa! Sənə və anana nemətimi yadına sal. O zaman səni müqəddəs ruhla qüvvətləndirmişdim. Sən beşikdə olanda da, yetkin çağında da adamlarla danışdırdım. Sənə kitabı, hikməti, Tövratı və İncili öyrətdim..."" ("Maidə" surəsi, 5/110).


"Və onu İsrail övladına peyğəmbər göndərəcək: "Mən həqiqətən Rəbbiniz tərəfindən möcüzə ilə sizə gəlmişəm. Sizin üçün palçıqdan quşa bənzər bir surət düzəldib ona üfürərəm, o da Allahın iznilə quş olar. Anadangəlmə korları, cüzam xəstəliyinə tutulanları sağaldar və Allahın iznilə ölüləri dirildərəm. Mən evlərinizdə yediyiniz və yığıb saxladığınız şeyləri də sizə xəbər verərəm. Əgər möminsinizsə, bunda bir dəlil vardır" ("Ali-İmran" surəsi, 3/49).


Atasız anadan olması, beşikdə ikən danışması, Allahın müqəddəs kitablarını - Tövratı, İncili və Qur’anı bilməsi, palçıqdan quşa bənzər bir nəsnə hazırlayıb nəfəsi ilə canlandırıb uçurması, anadangəlmə koru, cüzamlı xəstələri sağaltması, ölünü diriltməsi, insanların yediklərini və gizləyib yığdıqlarını xəbər verməsi, özündən sonra gələcək müqəddəs insanı - Peyğəmbərimiz Hz.Muhəmmədi (s.ə.v.) "Əhməd" adı ilə xəbər verməsi Hz.İsanın ayələrdə bildirilən möcüzələri sayıla bilər.


Hz.İsanın göstərdiyi bütün bu möcüzələrə və Allahın vəhyi ilə etdiyi təbliğə baxmayaraq xalqın böyük bir hissəsi inkar etməkdə davam etmişdi. Qur’anda nümunələri verilən digər xalqlar kimi həmin dövrün inkarçıları da Hz.İsanın əməllərinin sehrdən başqa bir şey olmadığını söyləyərək onu sehrbazlıqda ittiham etmişdilər.


"Onu da xatırla ki, bir vaxt Məryəm oğlu İsa belə demişdi: "Ey İsrailoğulları! Həqiqətən mən özümdən əvvəl nazil olmuş Tövratı təsdiq edən və məndən sonra gələcək Əhməd adlı bir peyğəmbərlə müYdə verən Allahın elçisiyəm!" Sonra onlara aşkar möcüzələrlə gəldikdə onlar: "Bu, açıq-aydın sehrdir!" - dedilər" ("Səff" surəsi, 6).


Yenə Qur’anda bildirildiyi kimi, Hz.İsa yəhudiliyi aradan qaldırmaq üçün deyil, bu şəriətin əslində düzgün olduğunu vurğulamaq və əlavə edilmiş xurafatları təmizləyərək dini əslinə qaytarmaq üçün göndərilmişdi. Bundan başqa, Allah onun üzərinə müxtəlif yəhudi məzhəbləri arasındakı ixtilafları yoluna qoymaq vəzifəsini qoymuşdu. Bu məsələ Qur’anda belə bildirilir:


"Məndən əvvəl göndərilmiş Tövratı təsdiq edərək sizə haram edilmiş bəzi şeyləri halal etmək üçün gəldim və sizə Rəbbiniz tərəfindən bir möcüzə gətirdim. İndi Allahdan qorxun və mənə itaət edin!" ("Ali-İmran" surəsi, 3/50).
"İsa aşkar möcüzələrlə gəldiyi zaman dedi: "Həqiqətən mən sizə hikmətlə, həm də ixtilafda olduğunuz bəzi şeyləri izah etmək üçün gəlmişəm. Allahdan qorxun və mənə itaət edin!" ("Zuxruf" surəsi, 63).


Hz.İsa Tövratda mövcud olan imani məsələləri təsdiq etmiş, ancaq Allahın insanlara bir yolgöstərən və nəsihət kimi göndərdiyi yeni kitabını - İncili gətirmişdi:


"Onların ardınca Məryəm oğlu İsanı özündən qabaqkı Tövratı təsdiq edən kimi göndərdik. Ona içində haqq yol və nur olan, özündən əvvəlki Tövratı təsdiq edən, müttəqilər üçün doğru yol və nəsihət olan İncili verdik. İncil əhli Allahın onda nazil etdiyi ilə hökm etsin. Allahın nazil etdiyi ilə hökm etməyənlər əlbəttə, günahkarlardır" ("Maidə" surəsi, 5/46-47).


Hz.İsanın dəvətinə qoşulanları sayı ilk əvvəl çox az olmuşdu. Çünki bu dəvət uzun illərdir ənənə halına gətirərək dinə qarışdırdıqları mövhumatlarla şəxsi mənfəətlərini təmin edən rahiblərin və Allahın hakimiyyətini qəbul etməyən idarəçi sinfin ayrı-seçkiliyini aradan qaldırırdı. Onların tətbiq etdiyi təzyiq və zülm xalqın təhdid altında yaşamasına və Hz.İsadan uzaqlaşmasına səbəb olurdu. Hz.İsanın apardığı təbliğ yayılanda, onun ardınca gedənləri sayı artmağa başlayanda həmin qrupların hazırladığı xain tələlər və Hz.İsaya mane olmaq üçün qurduğu planlar da artmışdı. Tarix boyunca bütün peyğəmbərlər belə tələlərə məruz qalıblar. Müşriklərin elçilərə göstərdiyi bu qeyri-insani vəziyyət Qur’anda belə bildirilir:


"...Hər dəfə ürəyinizə yatmayan bir əmrlə gələn peyğəmbərə təkəbbürlük göstərmirdinizmi? Məhz buna görə də onların bir qismini təkzib etdiniz, bir qismini isə öldürdünüz" ("Bəqərə" surəsi, 2/87).


Xalq arasında Hz.İsaya qulaq asıb inananlarla inkarçılar ayrılmağa başlamış, iki qrup arasındakı fərq artıq aydın şəkildə görünməyə başlamışdı. Bir tərəfdə həqiqi dini anladan və insanları bir olan Allaha iman gətirməyə çağıran Allahın elçisi, digər tərəfdə isə hər hansı möcüzəni, dəlili görməyinə baxmayaraq inanmamağa qərar vermiş bir qrup var. Hz.İsanın qarşısındakı düşmənlər özlərini açıq şəkildə göstərməyə başlamışdılar. Ona qulaq asan, yanında olan insanlardan də sonradan onu inkar edənlərin çıxması ehtimalı da var. Həmçinin Allah "Amma onların içərisindən çıxan firqələr arasında ixtilaf düşdü..." ("Zuxruf" surəsi, 65) ayəsi ilə bunu bizə xəbər verir. Buna görə də Hz.İsa xalqın arasında iman gətirən, həqiqətən etimad göstərib güvənə biləcəyi insanları müəyyən etmişdi. Bu məsələ Qur’anda belə bildirilir:


"İsa onların küfrünü hiss etdikdə: "Allah yolunda kim mənim köməkçim olacaqdır?!" - deyə soruşdu. Həvarilər dedilər: "Bizik Allahın köməkçiləri! Biz Allaha inandıq. Sən də təslim olduğumuza şahid ol!"" ("Ali-İmran" surəsi, 3/52).


Qur’anda inkarçıların Hz.İsanı öldürmək məqsədi ilə bir tələ qurduqları xəbər verilir. Rəvayətlərə görə, Hz.İsanın yanındakılardan bir nəfəri xəyanət etməyə məcbur etmiş bir dəstə saxtakar din adamı Allahın elçisini tutub romalılara təslim etmək istəmişdi. Yenə rəvayətlərə görə, ölüm cəzasını tətbiq etmək səlahiyyəti olmayan rahiblər Roma idarəçilərini ayağa qaldırmaq üçün bir hiylə qurmuş və Hz.İsanı romalılara qarşı çıxan bir insan kimi təqdim etmişdilər. Çünki onlar romalıların bu məsələdə çox həssas və rəhmsiz olduqlarını yaxşı bilirdilər. Bu tələnin nəticəsi isə Qur’anda belə xəbər verilir:


"Onlar (inanmayanlar) hiyləyə əl atdılar. Allah da onların hiyləsinə əvəz verdi. Allah hiyləgərlərdən tədbirlidir (hiyləgərlərə ən yaxşı cəza verəndir)" ("Ali-İmran" surəsi, 3/54).


Ayələrdən də aydın olduğu kimi, Hz.İsanı öldürmək üçün hərəkətə başlanmış və ona tələ qurulmuşdu. Ancaq onlar Hz.İsanı öldürməyə nail ola bilməmiş, onun oxşarını Hz.İsa zənn edərək öldürmüşdülər. Allah Hz.İsanı Öz dərgahına yüksəldərək hazırlanan hiyləni puç etmişdi:


"Və:"Biz Allahın elçisi Məryəm oğlu İsa Məsihi öldürdük", - demələridir. Halbuki onlar İsanı nə öldürdülər, nə də çarmıxa çəkdilər. Onlarda yalnız belə bir təsəvvür yarandı. Bu haqlı ixtilafda olanlar onun barəsində əlbəttə, şəkk-şübhə içərisindədirlər. Onların buna dair heç bir məlumatı yoxdur. Onlar ancaq zənnə qapılırlar. Həqiqətdə onu öldürməmişlər. Xeyr, Allah onu Öz dərgahına qaldırmışdır. Şübhəsiz, Allah qüvvət, hikmət sahibidir!" ("Nisa" surəsi, 4/157-158).


Romalıların Hz.İsanı çarmıxa çəkərək öldürmələri iddiası dünyada çox geniş yayılmış bir səhvdir. Bu iddiaya görə, Hz.İsanı tutan romalılar və yəhudi din adamları onu çarmıxa çəkərək öldürmüşlər. Xristianların əksəriyyəti də hadisəni bu cür qəbul edir və onun öləndən sonra dirilərək göyə yüksəldiyinə inanır. Ancaq Qur’an ayələrinə nəzər yetirəndə hadisənin əslinin belə olmadığını görürük:


"Və: "Biz Allahın elçisi Məryəm oğlu İsa Məsihi öldürdük" (qatəlnə), - demələridir. Halbuki onlar İsanı nə öldürdülər (ma qatələhu), nə də çarmıxa çəkdilər (ma saləbə). Onlarda yalnız belə bir təsəvvür yarandı (şubbihə). Bu haqlı ixtilafda olanlar onun barəsində əlbəttə, şəkk-şübhə içərisindədirlər. Onların buna dair heç bir məlumatı yoxdur. Onlar ancaq zənnə qapılırlar. Həqiqətdə onu öldürməmişlər (ma qatələhu)" ("Nisa" surəsi, 157).


Eyni surənin yuxarıda qeyd edilən ayəsindən sonra gələn ayədə Hz.İsanın ölümü ilə bağlı belə buyrulur:
"Xeyr, Allah onu Öz dərgahına qaldırmışdır (rafaə). Şübhəsiz, Allah qüvvət, hikmət sahibidir!" ("Nisa" surəsi, 4/158).


Ayədə bildirilən məsələ çox aydındır. Yəhudilərin aldatmaları ilə Hz.İsanı öldürməyə çalışan romalılar buna nail ola bilməmişdilər. Ayədə qeyd edilən "...Onlarda yalnız belə bir təsəvvür yarandı..." ifadəsi bunu çox aşkar şəkildə göstərir.


Allah insanlara Hz.İsanın oxşarını göstərmiş və onu Öz dərgahına yüksəltmişdir. Bundan başqa, Allah bu iddiada olanların həqiqətlə bağlı bir məlumatlarının olmadığını da bildirir.


Hz.İsanın çarmıxa çəkilməsi ilə bağlı ilk dövrlərdə müxtəlif fikirlər səslənmişdi. Sonrakı əsrlərdə konsulluğun qərarı ilə xristianlığın dini əsasları (imanın şərtləri) müəyyən edilənə kimi bu fikir ayrılıqları davam etmiş və Hz.İsanın çarmıxa çəkilmədiyini iddia edən cərəyanlar yolunu azmış azğınlar elan edilmişdilər.