Yəhudi qaynaqlarında Hz. İbrahim nəslinə vəd edilən hakimiyyət və Hz. Mehdinin Hz. İbrahim nəslindən olması.

Hz. İbrahimin nəsli iki oğlu olan hz. İsmayıl və hz. İshaqla davam etmişdir. Hz. İshaqın nəslindən olan israiloğullarına tarix boyu bir çox peyğəmbər gəlmişdir: hz. Yaqub, hz. Yusif, hz. Musa, hz. Harun, hz. Yunis, hz. Əyyub, hz. İlyas, hz. Davud, hz. Süleyman, hz. Zəkəriyya, hz. Yəhya və hz. İsa. Hz. İsmayılın nəslindən isə islam peyğəmbəri hz. Muhəmməd (s.ə.s.), onun ailəsindən gələn imamlar və ən son olaraq da imam Muhəmməd əl-Mehdi gəlir.

 

Dolayısı ilə, Tövratda bəhs olunan israiloğulları, ishaqoğulları və ismayiloğullarının hamısı  İbrahimin nəslindəndir. Hamısı Allahın mübarək etdiyi nəsil olan hz. İbrahimin soyudur. İbrahimi dinlərdə “hidayət verən” sifəti ilə tanınan, axır zamanda gələcək və din əxlaqının dünyaya hakimiyyətinə vəsilə olacaq olan mübarək şəxs də hz. İbrahimin nəslindəndir. Dolayısı ilə, Mehdi (ə.s.) hz. İbrahimin nəslindən sayılır.

 

Allah hz. İbrahimin nəslinə hakimiyyət vəd etmişdir

 

Allah hakimiyyətini gerçəkləşdirmək üçün hz. İbrahim nəslinin iki qolundan gələn son nümayəndələri qorumuşdur. Axır zamanda əmrinin gerçəkləşməsi üçün imam əl-Mehdi və İsa peyğəmbəri birlikdə göndərəcək. Quranda və peyğəmbərimizin (s.ə.s.) hədislərində bildirilən bu hakimiyyət dövrü Tövratda hz. İbrahimin nəslindən gələn bir birliyə vəd edilir və belə bildirilir:

 

Səni çox mübarək edəcəyəm, sənin nəslini göylərin ulduzları kimi, dəniz kənarında  olan qum kimi çoxaldacağam. Sənin nəslin düşmənlərin qapısına hakim olacaq və nəslinin vasitəsi ilə dünyada bütün millətlər xöşbəxt olacaqlar, çünki sözümü dinlədin. (Yaradılış, 22:17-18)

 

 

Və Rəbb Abrama (İbrahimə) dedi ki: ... səni üstün edəcəyəm və səni mübarək edəcəyəm və sənin adını məşhur edəcəyəm və səni mübarək edənləri mübarək edəcəyəm və sənə lənət edənə lənət edəcəyəm və dünyanın bütün qəbilələri səndə mübarək olacaq. (Yaradılış, 12:1-3)

 

 

Nəslini göydəki ulduzlar qədər çoxaldacağam. Bu ölkələrin hamısını onlara verəcəyəm. Dünyada bütün xalqlar sənin nəslin vasitəsi ilə müqəddəs hesab ediləcək. (Yaradılış, 26:4)

 

 

Dünya tozu qədər saysız bir nəslə sahib olacaqsan. Şərqə, qərbə, şimala, cənuba doğru yayılacaqsınız. Dünyada bütün xalqlar sən və nəslin vasitəsi ilə müqəddəs hesab ediləcək. (Yaradılış, 28:4)

 

 

Tövratda dünyanın son dövründə Allaha könüldən iman edənlərin dünyada güc sahibi olacaqlarını, din əxlaqının dünyaya hakim olacağını izah edən hissələrdən bir qismi bu şəkildədir:

 

Allah buyurdu:... and olsun ki, bütün dünya Allahın cəlalı ilə dolacaq. (Saylar, 14:21)

 

 

Təvazökarlara gəlincə, onlar dünyanın varisi olacaqlar... Pislərin biləkləri qırılacaq və Allah doğruların dayağıdır. Allah salehlərin günlərini bilir və onların mirası əbədi olacaq. (Məzmurlar, 37:11, 17-18)

 

 

Dünyanın dörd tərəfi də Rəbbə dönəcək, xalqların bütün nəsilləri Onun qarşısında əyiləcəklər. Çünki hakimiyyət Rəbbindir... (Məzmurlar, 22:27-28)

 

 

Çünki pislərin kökü kəsiləcək, amma Rəbbə ümid bağlayanlar sevinəcəklər. Yaxında pisin sonu gələcək, yerini axtarsan da, tapmayacaqsan. Amma təvazökarlar hüzurun zövqünü dadacaqlar... (Məzmurlar, 37:9-11)

 

 

Çünki pislərin gücü kəsiləcək, amma doğrulara Rəbb dəstək olacaq... pislər dağılacaqlar; Rəbbin düşmənləri tarla çiçəkləri kimi quruyub gedəcəklər, tüstü kimi dağılıb yox olacaqlar. (Məzmurlar, 37:17-20)

 

 

Rəbbə ümid bağla, Onun yolunu tut... Amma baş qaldıranlardan hamısı yox olacaq... Doğruların qurtuluşu Rəbdən gəlir... Rəbb onlara kömək edər, qurtarar onları, pislərin əlindən alıb azad edər, çünki Özünə sığınarlar. (Məzmurlar, 37:34, 39-40)

 

 

Bunlardan da aydın olduğu kimi, Tövratda xəbər verilən hakimiyyət müəyyən bir qrupun və ya irqin digər cəmiyyətlər üzərində güc və iqtidar sahibi olması deyil, Allahın bütün insanlara əmr etdiyi həqiqi din əxlaqının dünyaya hakim olmasıdır. Bununla yanaşı, Tövratda yəhudilərin sözdə irqi üstünlüyünə və hakimiyyətinə işarə edən ifadələr də vardır. Sözü gedən ifadələr Tövratın endirildiyi dövrdə yaşayan səmimi möminlərə xəbər verilən müjdələrin səhv nəql olunmasından və bu səhvlərin Hz. Musanın ardından Tövrata daxil edilməsindən qaynaqlanır. Bəzi yəhudilərin bütün bunları din əxlaqına uyğun olmayacaq şəkildə öz irqlərinin və ya cəmiyyətlərinin dünyaya hakim olması şəklində izah etmələri də həqiqəti əks etdirmir.

 

 

Belə ki, islamiyyətdə olan “din əxlaqının hakimiyyəti” anlayışı da dünyada din əxlaqının yaşanmamasından qaynaqlanan pislik və çətinliklərin din əxlaqının yaşanmağa başlanması ilə ortadan qalxması və gözəl əxlaqın yayılmasını ifadə edir. Müsəlmanların arzusu uca Rəbbimizin əmr etdiyi əxlaqın, yəni birləşmənin, ədalətin, dürüstlüyün, sədaqətin, bağışlayıcı olmağın, mərhəmətin insanlar arasındakı münasibətlərdə əsas olması, hər kəsin Allahın razılığını qazanmaq üçün ən gözəl əxlaqı göstərməklə yarışdığı bir mühitin təsis edilməsidir. Belə bir mühitin təmin edilməsi, heç şübhəsiz, hər cür problemi aradan qaldırar. Bu anlayışa sahib olan müsəlmanların məqsədi güc və iqtidar sahibi olmaq deyil, Allah özlərinə belə bir nemət lütf etsə, bu neməti din əxlaqını daha çox yaymaq üçün ən yaxşı şəkildə istifadə etməkdir. Möminlərin bu gözəl xüsusiyyəti bir Quran ayəsində bu şəkildə xəbər verilmişdir:

 

O kəslər ki, əgər onları yer üzündə yerləşdirsək, namaz qılar, zəkat verər, yaxşı işlər görməyi əmr edib, pis işlər görməyi qadağan edərlər. Bütün işlərin sonu Allaha aiddir. (Həcc surəsi, 41)