Hz. Mehdi camaatının sayı az olacaq.

Əbu Basir deyir ki…İmam Əbu Abdullah (ə.s.) belə buyurdu: "Ərəblərdən Qaim (ə.s.) (hz. Mehdi) ilə birlikdə olan çox az adam olacaq."... Buyurdu ki: "Xalq mütləq təmizlənəcək. Təmizlənəcək və ələkdən keçəcək. Ələkdən bir çox xalq ələnəcək."
(Şeyx Muhəmməd bin İbrahimi-Numani, Qeybəti-Numani, səh. 239)
Belə ki, sizlərdən yalnız gözdəki sürmə qədər və ya yeməkdəki duz qədər qalacaq. Və mən sizə bir nümunə verirəm. Bir adamın bir qədər buğdası var. Onu təmizləyər və evə qoyar, uzun bir müddət sonra geri döndüyü zaman onun qurdlandığını görər, onu təkrar təmizləyər, sonra təkrar evə qoyar. Uzun bir müddət sonra geri qayıtdığı zaman onun təkrar qurdlandığını görər. Təkrar onu təmizləyər və həmişə eyni işi təkrarlayar. Sonda qurdların heç zərər verə bilmədiyi çox az miqdarda möhkəm buğda qalar. Budur, siz də beləsiniz. Sonda içinizdə fitnələrin əsla zərər verə bilmədiyi çox az bir qrup qalacaq.
( Şeyx Muhəmməd bin İbrahimi-Numani, Qeybəti-Numani, səh. 245)
Abdullah bin Əbu Yafur deyir ki, imam Əbu Abdullah Cəfəri-Sadiqin (ə.s.) belə buyurduğunu eşitdim: "Yaxınlaşan fitnəyə görə ərəblərin üsyankarlarına eyvahlar olsun." Dedim ki, sənə fəda olum, ərəblərdən Qaim (ə.s.) (hz. Mehdi) ilə birlikdə neçə adam olacaq? "Çox az"-deyə buyurunca, belə dedim: Allaha and olsun ki, onlardan hz. Mehdiyə kömək edəcəyini iddia edən çox adam var. Buyurdu ki: "Xalq mütləq təmizlənəcək və ələkdən keçiriləcək. Ələkdə bir çox xalq ələnəcək."
(Şeyx Muhəmməd bin İbrahimi-Numani, Qeybəti-Numani, səh. 239-240)
Mihzəm bin Əbu Burdasi Əsədi və digərləri nəql edirlər ki, imam Cəfəri-Sadiq (ə.s.) belə buyurdu: "Allaha and olsun ki, eynilə şüşənin qırılıb dağıldığı kimi dağılacaqsınız. Şüşə dağıldığı zaman təkrar birləşdirilə bilər. Amma siz, vallah, eynilə səhəng kimi qırılıb dağılacaqsınız. Və Allaha and olsun, elə təmizlənəcəksiniz ki, içinizdə çox az adam qalacaq."
(Qeybətül-Numani, səh. 242)
Safvan bin Yəhya nəql edir ki, imam Rza (ə.s.) belə buyurdu: "Allaha and olsun ki, sizlər təmizənib ayırd edilmədikcə boynunuzu uzadıb gözlədiyiniz (qiyam) baş verməyəcək (hz. Mehdi zühur etməyəcək). Belə ki, içinizdə çox azınız geridə (sağlam) qalacaq."
(Qeybətül-Numani, səh. 243)
Əbu Basir deyir ki, imam Muhəmməd Baqir (ə.s.) belə buyurdu: "... Təmizlənəcək və ayırd ediləcəklər. Belə ki, içlərində fitnələrin əsla zərər vermədiyi bir toplum qalacaq."
 (Qeybətül-Numani, səh. 245)

 

AYƏLƏR
Nəhayət, əmrimiz gəldiyi və təndir qaynadığı zaman Biz (Nuha) dedik: “(Heyvanların) hər növündən bir cüt, barələrində söz keçmiş kəslər istisna olmaqla, öz ailəni və bir də iman gətirənləri gəmiyə mindir”. (Əslində), onunla birlikdə az adam iman gətirmişdi. (Hud surəsi, 40)
Şübhəsiz ki, bunlar kiçik bir tayfadır. (Şuəra surəsi, 54)

 


Fironun və əyanlarının bəlası qorxusundan Musaya öz qövmündən yalnız kiçik bir dəstə iman gətirdi. Çünki Firon o yerdə hakim idi. O, həddi aşmışdı. (Yunus surəsi, 83)

 

Talut qoşunu ilə ayrıldığı zaman dedi: “Allah sizi bir çay vasitəsilə imtahan edəcək. Kim onun suyundan içsə, o məndən deyildir. Kim ondan dadmasa, dadsa da, bir ovucdan artıq içməsə, o məndəndir”! Lakin onların az bir qismi müstəsna olmaqla, o sudan içdi. O (Talut) və onunla birlikdə olan möminlər (çayı) keçdikdən sonra dedilər: “Bu gün bizim Calut və onun qoşunu ilə vuruşmağa taqətimiz yoxdur”! Allahın rəhmətinə qovuşacaqlarına inanalar isə dedilər: “Neçə dəfə olub ki, az bir dəstə Allahın izni ilə çox bir dəstəyə qalib gəlib! Allah səbr edənlərlədir!” (Bəqərə surəsi, 249)