Səhabələrin və sonrakı nəslin Hz. İsanın gəlişi ilə əlaqədar sözləri.

Səhabələr Peyğəmbərimizin (s.ə.v.) yanında olmaq şərəfinə çatmış, şəxsən bu mübarək insan tərəfindən İslam əxlaqı ilə yetişdirilmiş çox qiymətli möminlərdir. Səhabələrin Hz. İsa ilə əlaqədar ayələr haqqında verdikləri izahlar Hz. Məhəmmədin (s.ə.v.) bu mövzuda onlara öyrətdiyi məlumatlara əsaslanır. Səhabələrin bu şərhlərinə baxanda Hz. İsanın ölmədiyinə və yenidən dünyaya gələcəyinə inandıqlarını görürük.

İbn Zeyd Ali-İmran Surəsinin 46-cı ayəsi ilə əlaqədar olaraq, "Hz. İsa beşikdə ikən insanlarla danışdı. Dəccalı yox etdikdə “kəhl” halında ikən də insanlarla danışacaq." demişdir. 1

“Kəhl” sözü "otuz, əlli yaşları arasında, gənclik dövrünü bitirib qocalığa ayaq basan, yaşı kamala çatmış kimsə" mənasını verir. Bu söz İslam alimləri tərəfindən birmənalı olaraq "35 yaşdan sonrakı dövrə aiddir" şəklində qəbul edilir. Bilindiyi kimi Hz. İsa gənc sayılacaq bir yaşda, otuz yaşında Allah Dərgahına qaldırılmışdı. İslam alimləri Hz. İsanın yaşlılıq dövrünün, ikinci dəfə dünyaya gəlişindən sonra olacağını, bu səbəbdən də bu ayənin Hz. İsanın nüzuluna (yenidən dünyaya gəlişinə) aid bir dəlil olduğunu söyləyirlər. (Fəslul-Məqal fi Rəfi İsa Hayyən və Nüzulihi və Katlihid-Dəccal, s. 20)

Abdullah ibn Abbas Nisa Surəsinin 159-cu ayəsi haqqında bunları demişdir: "Bu ayə Məryəm oğlu İsanın ortaya çıxışına dəlildir... Bütün Əhli-Kitab Hz. İsanın ölümündən əvvəl ona iman edəcək." 2

Məhəmməd ibn Əli Əbi Talib (İbnül Hənəffiyə kimi də tanınır) Nisa Surəsinin 159-cu ayəsini bu şəkildə açıqlamışdır: "... O, qiyamət qopmadan əvvəl enəcək. Bütün Yəhudi və Xristianlar ona iman edəcəklər." 3

Qatadə Nisa Surəsinin 159-cu ayəsini belə açıqlamışdır: "Hz. İsa endiyi zaman bütün insanlar ona iman edəcək və o qiyamət günündə də onlara şahid olacaq. "4 Qatadə Zuxruf surəsinin 61-ci ayəsini isə, "Hz. İsanın zühuru qiyamət üçün bir işarədir" sözləri ilə açıqlayır. 5

Əbi Malik əl Qifari isə Nisa surəsinin 159-cu ayəsini, "Məryəm oğlu İsa dünyaya gələndə bütün Əhli-Kitab ona iman edəcək" deyərək açıqlamışdır. 6

Həsən Bəsri isə Hz. İsanın Allahın Dərgahında diri olmağı və yenidən gəlişi ilə əlaqədar olaraq: "Allaha and içirəm ki, Hz. İsa bu anda Allah Qatında diridir, o endiyi zaman hər kəs ona iman edəcək" izahını vermişdir. Həsən Bəsri Nisa surəsinin 159-cu ayəsini açıqlayarkən isə belə demişdir: "Allah Hz. İsanı Özünə rəf etmişdir (yüksəltmişdir). Qiyamət günündən əvvəl onu bir vəzifə ilə göndərəcək. Yaxşı və pis insanlar hamısı ona inanacaqlar." 7 Həsən Bəsrinin Zuxruf surəsinin 61-ci ayəsi ilə əlaqədar verdiyi izah da eyni şəkildədir. Ayənin mənasının Hz. İsanın yenidən gəlişi olduğunu söyləyir. 8

İbn Abbas da bu mövzu ilə əlaqədar, "Allah Zuxruf surəsinin 61-ci ayəsində Hz. İsanın qiyamətdən əvvəl ortaya çıxacağına işarə edir." demişdir. 9

 

Qaynaqlar:
1 (Pəzdəvi, Əhli Sünnə Əqaidi, tərc. Şərafəddin Gölcük, İstanbul, 1998, s. 352; Sami Baybal, İbrahimi Dinlərdə Məsihin Dönüşü, Yeddiverən Kitab, İyul 2002, s. 238-240)
2 (Nəsəfi, Əqaid, İstanbul, 1310/1892, s. 193-194; Sami Baybal, İbrahimi Dinlərdə Məsihin Dönüşü, Yeddiverən Kitab, İyul 2002, s. 238-240)
3 (Təftəzani, Şərhul-Əqaidin Nəsəfiyyə, İstanbul, 1310/1892, s. 193-194; Sami Baybal, İbrahimi Dinlərdə Məsihin Dönüşü, Yeddiverən Kitab, İyul 2002, s. 238-240)
4 İbnul Ərəbi, Fususul-Hikəm, İstanbul, 1287, s. 63; Sami Baybal, İbrahimi Dinlərdə Məsihin Dönüşü, Yeddiverən Kitab, İyul 2002, s. 238-240
5 İbnul Ərəbi, Fususul-Hikəm, İstanbul, 1287, s. 63; Sami Baybal, İbrahimi Dinlərdə Məsihin Dönüşü, Yeddiverən Kitab, İyul 2002, s. 238-240
6 İbnu Əbil İzz, Şərhul-Əqidətit Təhaviyyə,  Abdullah ibn Əbdil Muhsin, Beyrut, 1988, II, 402-414; Sami Baybal, İbrahimi Dinlərdə Məsihin Dönüşü, Yeddiverən Kitab, İyul 2002, s. 238-240
7 Qari Davul Məalı li Bədil Əmali, İstanbul, 1302, s. 22-23; Sami Baybal, İbrahimi Dinlərdə Məsihin Dönüşü, Yeddiverən Kitab, İyul 2002, s. 238-240
8 Əşari Məqalət, s. 295; Sami Baybal, İbrahimi Dinlərdə Məsihin Dönüşü, Yeddiverən Kitab, İyul 2002, s. 238-240
9 Bəyazi İşarətül Məram, s. 67; Sami Baybal, İbrahimi Dinlərdə Məsihin Dönüşü, Yeddiverən Kitab, İyul 2002, s. 238-240